Leqal.info Milli.Az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Bakı metrosunda qatarların niyə dalbadal olaraq "İçərişəhər" stansiyası istiqamətində etməsi məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, metroda "Həzi Aslanov" stansiyasından qatarlar üzü "28 May" stansiyasından keçməklə dalbadal olaraq həm "İçərişəhər", həm də "Dərnəgül" istiqamətində hərəkətə başlaya bilər:

"Çünki, qrafik belə nəzərdə tutulub. Səbəbinə çalışacağıq misallarla aydınlıq gətirək. Məsələn, səhər saat 07:44 dəqiqədə "Həzi Aslanov" stansiyasından 9 saylı marşrut üzrə hərəkət edən qatar "İçərişəhər"ə istiqamət götürür. Onun ardınca növbəti qatar 07:48-də yenə "İçərişəhər" istiqamətinə hərəkət edən 7 saylı marşrutdur. Hər iki qatar "Neftçilər" stansiyasına qədər dalbadal gəlirlər. 07:53-də isə bu iki qatarın arasına 38 saylı marşrut üzrə hərəkət edən "Dərnəgül" qatarı girir. Məqsəd isə sadədir. Pik saatda "Həzi Aslanov"dan "Neftçilər"ə qədər sərnişinlər çox olduğu üçün qatarlar dolur və növbəti stansiyada gözləyən sərnişinlər üçün "Neftçilər" stansiyasının dalanından 07:53, 08:25, 08:57-də "Dərnəgül" istiqamətinə qatarlar buraxılır. Eyni zamanda 07:58 və 08:02 dəqiqədə "Həzi Aslanov" stansiyasından iki "Dərnəgül" qatarı çıxır. 08:18 dəqiqədə isə bu iki qatarın arasına "Bakmil" stansiyasından gələn "İçərişəhər" qatarı girir. Göründüyü kimi "28 May" stansiyasından hər zaman 1 qatar "İçərişəhər"ə, 1 qatar da "Dərnəgül"ə hərəkət edir. Lakin sübh tezdən və gecə saatlarında istisnalar ola bilər".

Şöbə rəisi qeyd edib ki, söhbət tərtib olunmuş qrafikdən gedir. Yəni xətdə baş vermiş nasazlıq və digər səbəblərdən istisnalar mümkündür.