Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Aslan İsmayılovun ona qarşı qondarma cinayət işinin açılması və saxta ittiham irəli sürülməsi barədə fikirlərinə münasibət bildirib.

BŞBPİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aparılan araşdırmalarla bu il oktyabrın 2-də səhər saatlarında Binəqədi rayon Məhkəməsinin inzibati binasında Bakı şəhər sakini H. Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərarına Aslan İsmayılovun iclas zalında yüksək tonla etiraz etməsi, yalnız hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərməsi, bu da alınmadıqda üzünə bağlanmış qapıya əli ilə zərbələr endirməsində əsaslı şübhələr müəyyən edilib.

“Araşdırmalarla, həmçinin, başqa vaxt qanunların aliliyindən danışan, hüquqlarını qoruduğu vətəndaşlara örnək olmalı olan bu şəxsin qanunsuz hərəkətlərini məhkəmənin həyətində də davam etdirməsi, işə baxan hakimin və məhkəmə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr söyləməsində əsaslı şübhələr müəyyən olunub”, - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, Aslan İsmayılovun ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi, eyni zamanda məhkəmənin iş rejimini pozmasında əsaslı şübhələr müəyyən edilməsi barədə Binəqədi rayon Məhkəməsinin işçiləri tərəfindən müvafiq akt tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.

Toplanmış materiallar əsasında prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib.

İstintaq zamanı A.İsmayılov və şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, ekspertizalar təyin olunmaqla müvafiq rəylər alınıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Leqal.info