Baş prokuror Zakir Qaralov oktyabrın 27-də Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

Leqal.info xəbər verir ki, Baş Prokurorluqdan APA-ya bildirilib ki, qəbuldan əvvəl Baş prokuror və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 24 vətəndaş qəbul olunub, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.