İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri (MPQ) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Leqal.info xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, rəftar məsələləri araşdırılıb.

Bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən, keyfiyyətli qida və tibbi xidmətdən şikayətləri olmayıb.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.

Fərdi qaydada dinlənilən zaman saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib və aidiyyəti qurumlara müraciət olunacaq.

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.