Azər Həsrət: “Efirimiz işğal altındadır”

Leqal.info AzNews.az-a istinadən xəbər verir ki, bunu jurnalist Azər Həsrət Azərbaycanda dini kanalların yayımlanmasını şərh edərkən deyib. O, bildirib ki, Xaçmazın Dədəli kəndində İranın bütün radiolarını rahatca dinləmək mümkündür:
Jurnalist həyəcan təbili çalır:
“Ötən həftə radio almışdım. Kəndə apardım, doya-doya dinlədim. Fürsətdən istifadə edib efirdəki durumu da yoxlamaq qərarına gəldim və dəhşət məni bürüdü. Təsəvvür edirsinizmi, Xaçmazın Dədəli kəndində az qala İranın bütün radiolarını rahatca dinləmək mümkündür. Eyni zamanda, Rusiyanın bir sıra radio kanalları, hətta FM dalğasında əlçatandır. Hələ mən ərəb dilində radiokanalları demirəm. Üstəlik, dini kanallar da at oynadır. Bir sözlə, bizim kənddə Azərbaycana qarşı olan hər kəsin radiosunu dinləmək mümkündür”.


Azər Həsrət bu durumu Azərbaycan informasiya məkanına təhlükə hesab edir:

“Yəni, xarici və əsasən də zərərli radioların qarşısını almaq üçün imkan yoxdurmu doğrudan da? Hə, yalnız bir şeyə sevindim ki, türkməncə də bir radio var efirdə. Efirimiz işğal altındadır. Gəncəbasar bölgəmizdə də Ermənistan və Gürcüstan radioları at oynadır. Bunu da o tərəflərdə olanda müşahidə etmişdim...”