Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub.

İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun həyata keçirilib. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanının məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü , İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.