Bu gün Su çərşənbəsidir. Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, çərşənbə günlərində və xüsusilə bu son dörd çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılır. Ailem.az su çərşənbəsi ilə bağlı həyata keçirilən milli adətlərlə bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.

Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: yalançı çərşənbə, xəbərçi çərşənbə, ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün yaxınların qəbirləri ziyarət olunur), İlaxır çərşənbə.

Su çərşənbəsinə yalançı çərşənbə, əzəl çərşənbə, sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Bu çərşənbə suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yaradanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Novruzda hər günün, hər çərşənbənin öz musiqisi, öz Novruznaməsi və öz mətbəxi var. Su çərşənbəsində turş dadı olan turşu qovurma, nar qovurma plov və bu kimi yeməklər bişirilərdi ki, bunlar suyu cəzb edən, su içirən yeməklər hesab edilərdi. Duzlu kökə (duzlu qalaç) də fala baxmaq üçün su çərşənbəsində bişirilib yeyilərdi. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Həyatınız su qədər aydın, ömrünüz su qədər uzun olsun!