Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan iş adamı İlham Qasımovun bacısı oğlu, dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirli və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, S. Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Anar Əşrəfov da MTK-da vəzifə tutub. Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmişlər ifadə verib. Nüşabə Rüstəmova deyib ki, evini 83 min manata sataraq "Real" MTK-dan ev alıb: "Şirkətin işçisi Şahinə dedim ki, bax bu şirkət haqda belə sözlər eşitmişəm, problem olmasın sonra. Birlikdə Sahilin yanına getdik. Dedi ki, özün bilirsən bizim rəhbərimiz həbsdədir, ona görə daha burda qanunsuz işlər olmur. Birlikdə Sahilin yanına getdik, 90 min verdim. İndi 50 min qaytarıblar. Makler Şahin Həsənov da tutulub, onunla üzləşmişəm".

Hakim bildirib ki, istintaq materiallarında N.Rüstəmovaya 75 min manat qaytarılması barədə sənəd var və həmin sənəddə N.Rüstəmovanın imzası var. Lakin zərərçəkən həmin imzanın ona məxsus olmadığını deyib və ekspertiza keçirilməsini istəyib.

Şahin Alıxanov
deyib ki, atasından miras qalan mülkü satıb: "İnternetdə makler vasitəsilə Sahili tapdım. Ev dəyərindən ucuz idi, 112 min manata razılaşdıq. Niyə ucuz olduğunu soruşdum, dedilər Mayıl Səmədovun dayısı bu binanın tikilməsinə beton verib. Onun əvəzində mənzillər Mayıla verilib. Mən 110 min manatı Mayıla verdim, qalanını da maklerə. Sahildən də neçə dəfə soruşdum ki, mənzilin problemi yoxdur ki? Dedi yox. Bir müddət sonra evi təmir etmək üçün gələndə gördüm qapının kilidi dəyişdirilib. Bu günə kimi mənə 80 min ödənilib".

Sevinc Qurbanova bildirib ki, evinin başqasına satılmasını Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən məlumat verilib: "Evi qaytarıblar, amma bilmirəm bir ay sonra yenə kimsə çıxıb deyəcək ki, ev mənimdir?"

Tağı Hüseynov deyib ki, S.Cahangirlinin göstərişi ilə 13 nömrəli notariuasda MTK əməkdaşı Şahinə 30 min manat verib: "Sənədlərin düzəldilməsi üçün də 2 min manat ödədim. Heç 1 qəpik də ödənilməyib. İndi evimi versinlər".

Səbuhi Xəlilov isə 100 min manat ödədiyini bildirib: "20 min borcum qalmışdı, MTK-ya gedib borcumu ödəyib təmirə başlamaq istəyəndə işi uzatdılar. Müqaviləni Sahillə imzalamışdıq. Evə də 5 min manatlıq material alıb qoymuşdum, qapı da qoydurmuşdum. Qapının "zamok"unu sındırıb materialları da aparmışdılar. Puldan da heç nə qaytarmadılar".

Proses martın 15-də davam etdiriləcək.

"Real" MTK-nın rəhbəri İ.Qasımov milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 12 ilə endirib.

İ.Qasımov "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.