Səhər saatlarında paytaxtın Xətai rayonunda yerləşən Respublika Narkoloji Dispanserində dəhşətli yanğın hadisəsi olub. Nəticədə 25 nəfər dünyasını dəyişib. Prezident İlham Əliyev yanğın baş verən respublika narkoloji mərkəzinə gələrək vəziyyətlə tanış olub və müvafiq tapşırıqlarını verib.

Səhər saat 06.10 radələrində Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın baş verib.

Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, prokurorluq və daxili işlər orqanlarının əməkdaşları cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.

Prezident İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub. Dövlət başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verib. İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə köməklik göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

Dövlət başçısı İlham Əliyev baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında da Sərəncam imzalayıb. Sərəncama əsasən faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə baş nazir Abid Şərifovun sədrliyi ilə komisya yaradılıb. Komisyanın üzvlərinə isə daxili işlər , fövqəladə hallar, səhiyyə, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri, o cümlədən Baş prokuror, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərinin başçıları daxildir.

Fakt üzrə Baş Prokurorluq tərəfindəndə cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib. Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

VİDEO