Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirib.

Sumqayıt şəhərində hərəkətin daha intensiv olduğu küçə və prospektlərdə baş tutan reyddə əsas məqsəd hərəkətin təhlükəsizliyinin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması və əhalinin maarifləndirilməsi olub. Reyd zamanı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 50-yə yaxın piyada saxlanılıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Onlara yol hərəkəti təhlükəsizliyi və piyadaların vəzifələri barədə məlumat verilib.

Daha sonra Sumqayıtda fəaliyyət göstərən Qubadlı rayon Dəmirçilər kənd orta məktəbində yol hərəkəti qaydalarının təbliği məqsədilə maarifləndirici tədbir keçirilib. Çıxış edən Sumqayıt şəhər DYPŞ-nin təbliğat üzrə inspektoru, mayor İsmayıl İsmayılov bildirib ki, görüşün başlıca məqsədi şagirdləri maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaqdan ibarətdir. Baş verə biləcək hadisələrin qarşısını almaq üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd edən polis mayoru deyib ki, məktəblilərə piyadanın vəzifələri, yollarda hərəkət və təhlükəsiz davranış qaydaları barədə geniş məlumat verib.

Görüşün sonunda yol polisi əməkdaşları uşaqları maraqlandıran sualları cavablandırıblar. © xezerxeber.az

VİDEO