Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Nizami rayonunda yeni istifadəyə verilən, dünyanın məşhur brendlərindən olan Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edib.

Xezerxeber.az-ın məlumatına görə, 206 çarpayılıq hospitalda, həmçinin 12 yerlik Təcili-tibbi yardım şöbəsi yerləşəcək. Dövlət başçısı və xanımı burada çalışan xarici həkimlərlə görüşüb, onlarla söhbət ediblər. Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir.

Bildirilib ki, Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb. Tibb ocağında texnoloji yeniliklər tətbiq olunub. Burada yaradılan pnevmo-poçtla müxtəlif şöbələrə, o cümlədən qəbul və laboratoriya şöbələrinə analiz nümunələri, xəstələr üçün isə dərmanlar göndərmək mümkündür. Hospital tibbi xidmətlər üzrə dünyada ən nüfuzlu keyfiyyət və təhlükəsizlik standartları olan JCI standartlarına uyğun layihələndirilib və qurulub. Tibbi heyətin və xəstələrin qidalanması üçün müəssisənin mətbəxində müasir avadanlıq quraşdırılıb, yeməkxanada lazımi şərait yaradılıb.

Təcili-tibbi yardım şöbəsi Azərbaycanda ilk dəfə olaraq ən yeni model iki reanimobil və bir transporter avtomobili ilə təchiz edilib. Azərbaycanın istənilən regionunda operativ və fasiləsiz təcili tibbi yardım göstərmək üçün briqada qısa müddət ərzində özünü çağırış yerinə çatdırmaq iqtidarındadır.

Hospitalın kollektivi ilə görüşən dövlət başçısı səhiyyə sahəsində görülən işlərdən bəhs edib.

Dövlət başçısı dünya şöhrətli yeni xəstəxananın azərbaycanlı həkimlərin təkmilləşdirilməsində oynayacağı rola da toxunub.

Prezident İlham Əliyev bu hospitalda keçiriləcək təlimlərlə azərbaycanlı mütəxəssislərin daha peşəkar həkim olmasına dəstək olacağını vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövlətinin dəyişməz prioritetlərindən biri sosial sahədir. Elə buna görə ən mürəkkəb əməliyyatların həyata keçirilməsi mümkün olan belə müəssisələrin Azərbaycanda olması çox vacibdir. Bu Azərbaycan əhalisnə daha yüksək səviyyəli tibbi xidmət göstərilməsinə imkan verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO