Xəbər verdiyimiz kimi, iyunun 4-dən müəllimlərin yerdəyişməsinə başlanılıb. Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

Bu prosedur təhsil sistemində yeni olduğu üçün işini dəyişmək istəyən müəllimlər də xeyli sual yaranıb. Odur ki, Təhsil Nazirliyi ən çox ünvanlanmış sualları cavablandırıb. “Qafqazinfo” həmin cavabları təqdim edir:

Cari ildə müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmış müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

İş yerini dəyişmək hüququ qazanmış namizəd müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün müddət hər bir namizədin şəxsi səhifəsinə yerləşdiriləcəkdir. Həmin müddət ərzində qeydiyyatdan keçməyən namizədin nəticəsi ləğv olunacaq və həmin namizəd əvvəlki iş yerində fəaliyyətini davam etdirə bilər.

Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra namizədlərin ərizələrində qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

Qeyd edək ki, yerdəyişmə prosesi iyunun 11-dək davam edəcək.