Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda - İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)
03 Sentyabr 2018, 15:29 288


Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb.

BakuPost xəbər verir ki, abdominoplastikadan sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. O, Bakıda müalicə oluna bilməyib, Türkiyənin məşhur xəstəxanalarına üz tutub. Lakin türkiyəli həkimlərin də müalicəsinin effekt verməməsi səbəbindən Almaniyaya getməyə hazırlaşır. Pasiyent iddia edir ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı "İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevdir: "27 iyun 2018-ci il tarixində Nərimanov rayonunda yerləşən "İnternational” klinikasının baş həkimi Elvin Əliyev tərəfindən abdominoplastika əməliyyatı olunmuşam. Əməliyyatdan sonra tikişlərim getdikcə açılırdı, tikişlərin arasından irin, çirk axmağa başladı. Sarğıya gedən zaman Elvin həkimin özünə dedim. Dedi ki, hər əməliyyatdan sonra olan haldır. Hər dəfə orada tibb bacıları yarama betadin qoyub yola salırdılar. 43 gün gedəndən sonra yaram getdikcə böyüyür, araları genişlənir, dərinləşirdi. Bir müddət sonra qızdırmam 39-a qalxdı. Elvin Əliyevə zəng etdim, vəziyyətimin ağır olduğunu dedim, cavabında "taksiylə gəl, orda sənə nə lazımdır olunacaq” dedi”.

Xəstə səhəri günü Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına gedib: "Orada cərrah Babək Zeynalov yaramı açdı, irindən, ölmüş toxumadan təmizlədi, yaraya ikitərəfli zont, drenaj saldılar. Bu əməliyyat 1 saat çəkdi, ağrıdan səsim klinikanı götürmüşdü.

Əməliyyatdan sonra 8 gün Cərrahiyyə xəstəxanasında yatdım. Hər gün antibiotiklər və sistemlər köçürüldü. Dəfələrlə məni əməliyyat edən həkimə zəng etdim, vəziyyətimi dedim, kömək istədim.

O isə konkret cavab demədən, bir həkim yoldaşı ilə əməliyyata verdiyim pulu konvertdə mənə geri göndərdi”.
Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda