Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək.

Leqal.info bildirir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki, taksi şirkətlərinə nəzarət gücləndirilməlidir: “Mən taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı deyiləm. Çünki bu, rəqabət mühitini aradan qaldıracaq. Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi də göndərəcəyik. Birincisi, ondan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. Əhalisi 15 milyon olan İstanbulda isə 18 min ədəd taksi var. Hesablamalarımıza əsasən, Bakıda 8500 taksi olsa, kifayətdir. Taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif göndərilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyətini də ciddi şəkildə nəzarətə götürəcəyik".

BNA rəhbəri qeyd edib ki, hava limanında taksi fəaliyyəti ilə bağlı ayrı konsepsiya olacaq:

"Ölkəyə gələnlərin aldadılmasının qarşısı alınmalıdır. Biz bu layihəyə başlamışıq. Eyni zamanda, proqram təminatımızı da yekunlaşdırmaq üzrəyik. Bakı Nəqliyyat Agentliyinin rəsmi proqram təminatı olacaq. Bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyyəsinə görə sərnişinlər tərəfindən onlara ballar veriləcək. Taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü olduğu üçün bu sahədə də işlərimizi mərhələli şəkildə quracağıq ki, ciddi problemlər ortaya çıxmasın”.