5-6 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) təşkilatçılığı ilə “Rəqəmsal erada əqli mülkiyyət və bilik axını” mövzusunda seminar keçirilİb.

Bu barədə "Leqal.info"ya Əqli Mülkiyyət Agentliyindən məlumat daxil olub.

30 ölkənin nümayəndələrinin qatıldığı beynəlxalq tədbirin məqsədi bilik üzrə ticarətdə mövcud hüquqi və siyasi mənzərəni sistemli şəkildə nəzərdən keçirilməsi, transsərhəd bilik axınlarının izlənilməsi və bunun nəticələrinin öyrənilməsi sahəsində təcrübə mübadiləsi olmuşdur.
İki günlük seminarda ÜTT-nin müxtəlif bölmələrinin, ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin əməkdaşları, o cümlədən müxtəlif universitetlərin nümayəndələri tərəfindən “Əqli mülkiyyət üzrə ticarətin post-TRIPS dəyişikliyi”, “Rəqəmsallaşdırma ticarətə necə təsir edir”, “Beynəlxalq ticarətdə bilik axınlarının ölçülməsi üçün əqli mülkiyyət məlumatlarından istifadə”, “İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bilik axınının mənbələri”, Müasir bilik iqtisadiyyatında rəqəmsal kreativ ticarət və müəlliflik hüququna əsaslanan sənayelər: inkişaf etməkdə olan ölkələr üçün strateji seçim” və s. mövzularda təqdimatlar edilib.
Tədbirdə Әqli Mülkiyyәt Agentliyinin Beynәlxalq әlaqәlәr vә informasiya şöbәsinin baş məsləhətçisi Ruhiyyə Əliyeva da iştirak edib.
Seminar çərçivəsində müzakirәlәr zamanı Agentliyin əməkdaşı tərəfindən ölkәmizdә әqli mülkiyyәt sahәsindә son institusional islahatlar, o cümlәdәn rəqəmsal şəbəkələrdə әqli mülkiyyәt hüquqlarının qorunması, ictimai maarifləndirmə və s. istiqamətlərdə həyata keçirilәn tәdbirlәr haqqında tədbir iştirakçılarına mәlumat verilib.