Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.

Bunu "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov qeyd edib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib.

İcra başçısı bildirib ki, Bakının Prezident İlham Əliyevin layihələrində daim böyük yeri olub: "Görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub. 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb".

E.Əzizov söyləyib ki, ötən illər ərzində Bakıda avtomobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb: "Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. 2005-ci ildə Bakıda 40-a yaxın hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb. Bakı keçmiş sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb. Təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq".

İcra başçısı deyib ki, 15 ildə Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artmaqdadır: "Bu, Bakının inkişafından xəbər verir. Beynəlxalq agentliklərin reytinqinə görə turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir".

O vurğulayıb ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır: "Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".