Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Janna Bağırova vəsatət qaldırıb.

O, müvəkkilinin himayəsində azyaşlı uşaq olduğu üçün onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Vəsatət təmin edilməyib.

Daha sonra hakimlər kollegiyası cinayət işinin qapalı və məhkəmənin qismən istintaqla aparılması haqqında qərar çıxarıb.

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvar ayının 8-nə təyin edilib.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.