Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, məhkəmə kollegiyasının üzvü Əhməd Quliyev səhhətində problem olduğu üçün prosesdə iştirak edə bilmir.

Bu səbəbdən məhkəmə iclası yanvarın 8-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.