Bu gün Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Optik Rabitə, Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, B.Hüseynov, C.Cəfərov, N.Məmmədov və O.Rüstəmov kassasiya şikayətlərini geri götürüb.

Daha sonra V.Zeynalovla E.Məmmədovun vəkilləri müvəkilləri ilə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyiblər.

Proses yanvarın 30-dək təxirə salınıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri V.Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

Daha sonra V.Zeynalovun ailə üzvləri və digər şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.