Azərbaycan Ordusunun zabitlərini videoçəkilişlə şantaj etməkdə təqsirləndirilən “El həkimi” qəzetinin təsisçisi və baş redaktoru Zöhrab Ağayev və onun tabeçiliyində olan Günel Cümşüdovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Leqal.info-nun “Report”a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Elmin Rüstəmovun icraatına verilib.

İş üzrə hazırlıq iclası iyunun 3-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2018-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıblar. Onların ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi “90-PF-742” dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb. Əvvəlcədən üstü xüsusi qaydada işarələnən pullar, əllərində isə həmin pulların üzərinə çəkilən xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən s. əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və s. yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və s. dəlillər aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə), 182.2.2-ci, (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.