Bu ilin altı ayında 102 min yeni əmək müqaviləsi (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alınıb.

"Leqal.info" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, minimum əmək haqqının növbəti dəfə artması, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verir.

S.Babayev qeyd edib ki, bu il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb.

Nazir bildirib ki, məşğulluq sahəsində aparılan islahatların bir istiqaməti də işsiz və işaxtaranlar üçün mövcud peşə hazırlığı sisteminin müasirləşdirilməsi və Regional Peşə Təhsili Mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Eyni zamanda, həmin Mərkəzlərin fəaliyyətinin optimallaşdırılması və səmərəli təşkili, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi üçün onların publik hüquqi şəxs kimi formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün işlər aparılır.