Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

14 sentyabr 2017 - 15:30

Yeni “Əsrin Müqaviləsi”: müstəqilliyi, iqtisadi-siyasi sabitliyi gücləndirmək üçün yeni imkanlar - TƏHLİL

Azərbaycanın xarici siyasət kursunu balanslaşdırmaq, Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi, siyasi üstünlüyü artırmaq imkanları çoxalır

Bakıda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar mərasim keçirilib. Mərasimdə səsləndirilən bəyanatlar, verilən mesajlar Azərbaycanın növbəti illər ərzində yürüdəcəyi xarici siyasətə, neft strategiyasının istiqamətlərinə dair təxminlər irəli sürməyə imkan verir, “Əsrin müqaviləsi”ndən bu günə qət edilən yolu yenidən dəyərləndirməyi zəruri edir.

“Əsrin müqaviləsi” Azərbaycana xarici siyasəti balanslaşdırmaq imkanı verib. Müstəqilliyin ilk illərində regionda ciddi boşluq vardı, Azərbaycan Cənubi Qafqazda maraqların təmin etmək istəyən xarici güclər üçün “poliqona” çevrilmişdi. Çox istiqamətli xarici siyasət yürütmək imkanları məhdud idi, qlobal məkanda gedən mübarizənin sərt xarakter alması, ABŞ-İran, ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərindəki gərginlik Azərbaycana dərhal öz təsirini göstərirdi. Bu mübarizə təkcə enerji ehtiyatları ilə zəngin bölgəni öz təsir dairəsinə daxil etmək uğrunda getmirdi, Cənubi Qafqazın geosiyasi mövqeyi bu regionun cəlbediciliyini daha da artırırdı. Avrasiya regionunun geostrateji oyunçuları bölgədə sabitliyi pozmaq üçün bölgədə münaqişə ocaqları yaradır, mövcud gərginlik ocaqlarını daha da qızışdırırdı. Belə bir tarixi şəraitdə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edəcək müqavilələrin, hüquqi bazanın yaradılması ölkəyə qarşı təzyiqləri neytrallaşdırmaq, xarici siyasət kursunu balanslaşdırmaq imkanı verəcəkdi ki, “Əsrin müqaviləsi”nin tarixi dəyəri də bununla ölçülür. Ehtiyatların işlənməsi, hasilatın pay bölgüsü prinsipləri həm Azərbaycanın hansısa fövqəlgücün tam təsiri altına düşməsinin qarşısını aldı, eyni zamanda bu siyasət ölkəni çoxtərəfli əməkdaşlıq formatlarına cəlb olunmaqdan sığortaladı. Qazandığı bu üstünlük illər sonra Azərbaycana xarici siyasət kursunu tam şəkildə ikitərəfli münasibətləri inkişaf etdirmək üzərində qurmağa imkan verdi. Bu mənada “Əsrin müqaviləsi”nin təkcə Azərbaycana iqtisadi mənfəət gətirmək baxımından deyil, ölkənin müstəqilliyinin möhkəmlənməsi nöqteyi-nəzərindən də mühüm rola malikdir.

Azərbaycan 150 ilə yaxındır ki, neft ölkəsi kimi tanınır, lakin Çar Rusiyası və Sovet İttifaqı dövründə bu milli sərvətin mənimsənilməsindən ölkəyə layiq olan pay düşməyib. Yalnız müstəqillik dövründə imzalanan müqavilələr, Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi, bu gün icrası uğurla davam etdirilən neft strategiyası sayəsində Azərbaycan tarixi dövründə ilk dəfə neftdən külli miqdarda gəlir əldə etməyə başladı. Bu gəlirdən rasional istifadə, əldə olunan vəsaitin ölkə infrastrukturunun yenidən qurulmasına şərait yaradıb (məktəb, xəstəxana yol tikintisi, qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınması), həm də neft gəlirlərinin mühüm bir hissəsini Dövlət Neft Fondunda toplayaraq gələcək nəsillər üçün saxlamağa nail olunub. “Əsrin müqaviləsi” həm də Azərbaycanın dünya neft bazarına inteqrasiyasını təmin edib. Azərbaycan dünya bazarında balansın yaranması üçün gedən prosesin subyektlərindən biridir, hasilatın azaldılmasına dair “OPEK+” formatında aktiv iştirak edir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə neft bazarında tələblə təklif arasında balansın yaranmasına töhfəsini verir. Bu, ölkənin dünya iqtisadiyyatına, enerji bazarında xüsusi çəkisini bir qədər də artırmış olur.

Hasilatın pay bölgüsündə SOCAR-ın payının 11 faizdən 25-dək artırılması, ölkəyə bonus olaraq 3,6 milyard dollar ödənilməsi barədə öhdəlik Azərbaycanın neft müqavilələrini imzalayarkən ölkənin iqtisadi maraqlarını qoruduğunu göstərir. Bu, təkcə bu gün müddəti artırılan neft müqavilədə deyil, həm də Xəzərdəki qaz yataqlarının istismarına dair müqavilələrdə də özünü göstərir. Məsələnin iqtisadi tərəflərini iqtisadçıların öhdəsinə buraxmaq daha məqbuldur, təkcə bir faktı qeyd etmək kifayətdir ki, “Azəri-Çıraq-Günəşli” yatağında hasilata cəlb olunacaq 500 milyon ton neft ehtiyatının bugünkü qiymətlərlə bazar dəyəri 170 milyard dollara yaxındır və 25 faizlik paya sahib Azərbaycanın növbəti onilliklər ərzində kifayət qədər ciddi gəlir əldə edəcək. Bu, təkcə “Yeni Əsrin Müqaviləsi”ndən gələn gəlirdir, buraya “Şahdəniz” və “Şahdəniz-2” yataqlarının işlənməsindən əldə olunacaq gəlirləri də əlavə etsək, kifayət qədər ciddi rəqəm yaranır.

Bir amilə xüsusi diqqət yetirmək lazımdır, ötən əsrin sonlarında imzalanan “Əsrin müqaviləsi” təkcə iqtisadi müqavilə deyil, bu sənədin ciddi siyasi çəkisi var. “Əsrin müqaviləsi”nin dəyəri həm də stabillik gücü ilə ölçülür. Dünyada enerji mənbələri uğrunda mübarizə getdikcə kəskinləşir, son onilliklərdə baş verən böyük müharibələr əksəriyyətinin kökündə neftlə zəngin bölgələrə, neft daşıma yollarına nəzarət dayanır. Təkcə Yaxın Şərqdə Əfqanıstanla başlayıb, İraqla davam edən, Suriyada kəskin hal alan prosesləri, Səudiyyə-İran qarşıdurmasını, embarqo siyasətinin dünyada əsas təzyiq vasitələrindən birinə çevrildiyini xatırlamaq kifayətdir. Bu səbəbdən “harada neft var, orada qan və qeyri-stabillik var” anlayışı illər keçdikcə beynəlxalq ictimai rəydə daha da möhkəmlənir. Azərbaycan uğurlu neft strategiyası sayəsində bu proseslərdən sığortalanmağı bacarıb, “Əsrin müqaviləsi” icra olunduqdan sonra ölkə iqtisadi və siyasi stabilliyə qovuşub və bu stabillik günümüzə qədər davam etməkdədir. Dağlıq Qarabağ münaqişəsi sonrakı inkişaf mərhələlərində Cənubi Qafqazda maraqlar və enerji mənbələrinə nəzarət uğrunda mübarizənin nəticəsi kimi “dəyər qazansa da”, “Ərin müqaviləsi”, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, münaqişədən ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunmasının qarşısını aldı. İqtisadi gəlirlərin artması hərbi quruculuq işlərinin sürətlənməsinə, modern silahlarla təchiz olunmuş ordunun qurulmasına səbəb olub ki, bu da xarici güclərin Dağlıq Qarabağ münaqişəsindən Azərbaycanda stabilliyi pozmaq üçün istifadə imkanlarını zəiflədib. Əksinə, aprel hadisələri göstərdi ki, neft gəlirlərinin təyinatı üzrə, ağıllı istifadəsi münaqişənin Azərbaycanın maraqları çərçivəsində həllini daha da yaxınlaşdırır.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2050-ci ilə qədər uzadılması göstərir ki, növbəti onilliklər ərzində

Xarici siyasət kursunu balanslaşdırmaq,
Xarici siyasətdə çoxtərəfli deyil, ikitərəfli formatlarda əlaqələri genişləndirmək,
Ölkənin müstəqilliyini möhkəmləndirmək,
Neft ölkəsi kimi dünya enerji bazarında ölkənin xüsusi çəkisini gücləndirmək,
İqtisadi və siyasi sabitliyi gücləndirmək,
Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi, siyasi üstünlüyü artırmaq

imkanları daha da çoxalacaq.

Bu isə Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi uğurlu neft strategiyasının davam etdirilməsindən asılıdır. Bu gün imzalanan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2050-ci ilə qədər uzadılmasına dair müqaviləyə ABŞ, Avropa və Rusiyanın reaksiyası iki məqamı ortaya qoyur: Birincisi, bölgədəki əsas xarici oyunçular arasında münasibətlər gərginləşsə də, ötən əsrin sonlarından fərqli olaraq Azərbaycanda sabitliyin qorunmasında son dərəcə maraqlıdırlar. Bu yanaşma fərqli səbəblərdən qaynaqlansa da (sərhədlərdə əlavə gərginliyin yaranmaması, iqtisadi təcrid dövründə Azərbaycanın açdığı iqtisadi və lojistik “nəfəslikdən” məhrum olmamaq, Azərbaycanı rəqiblərə meylləndirə bilmək qorxusu və s. ) son nəticədə maraqlar üst-üstə düşür. Bir-biri ilə münasibətləri gərgin olan bütün tərəflər Azərbaycanı stabil görmək istəyir, ölkəyə qlobal güclərin dialoq müstəvisi kimi baxır. Son bir ildə ABŞ və Rusiyanın “bir nömrəli hərbçilərinin” Bakıda iki görüş keçirməsini xatırlamaq kifayətdir. / APA Analitik Mərkəzinin rəhbəri

Leqal.info
Oxunma sayı:66

PAYLAŞ:


Açar sözlər:Yeni “Əsrin Müqaviləsi”: müstəqilliyi, iqtisadi-siyasi sabitliyi gücləndirmək üçün yeni imkanlar - TƏHLİL

Bağla X