Ölüm xəbəri yayılan "faytonçu" Nazim sevənlərinə video müraciət edib.

Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, bu videonu çəkib paylaşmağa məcbur olub: "Çünki jurnalistlər reytinq xatirinə, məqalələri oxunsun deyə ağıllarına nə gəlir yazırlar, amma görürsünüz ki, sağ-salamatam, reabilitasiyam gedir. Yaxşılığa doğru gedirəm, ayaq üstəyəm.

Yaşamaq eşqim böyükdür. Qarşıda çoxlu ziyafətlər, toylar, yeni-yeni mahnılarım var. Öpürəm hamınızı. Hər birinizə xoş əhval-ruhiyyə arzulayıram. Şayiələrə uymayın".

***

11:24

“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari ölməyib.

Bu barədə Lent.az-a müğənninin kiçik bacısı Təranə Pişyari bildirib.

Onun sözlərinə görə, bu xəbər yalandır: "Hazırda Nazimin müalicəsi gedir. Əməliyyatdan sonra özünə gəlməsi bir az vaxt aparacaq, bunu hamı bilir. Bu xəbəri yaymaqla kim nə əldə edir, bunu anlamıram. Nazim sağ-salamatdır, hər şey yolundadır, sağalandan sonra inşallah, efirə də çıxacaq".

Qeyd edək ki, avqustun 16-da Lent.az-a açıqlama verən Nazim Pişyari bildirib ki, hazırda özünün yaxşı hiss edir: “Mənim öd kisəmdə problemlər var idi. İlk öncə Azərbaycanda əməliyyat olundum. O əməliyyat çox uğursuz oldu. Ona görə də dərhal İsrailə getdim. Daha sonra Bakıya qayıtdım, amma bu da son olmadı. Əməliyyat olunmağım üçün Türkiyəyə getdim və orada mənə kömək etdilər. İndi yavaş-yavaş özümü yaxşı hiss edirəm”.

İfaçı xərçəng xəstəsi olması xəbərinə də münasibət bildirib: “Deyirlər ki, xərçəngəm. Amma bu yalandır. Bilmirəm ki, bunu kim uydurub. Sadəcə, dəfələrlə narkoza girdiyimə görə bu hala qalmışam. Xərçəng xəstəsi deyiləm”.

N.Pişyarı onu da əlavə edib ki, sentyabrdan verilişlərə, toylara gedəcək: “Hələ ki, heç bir yerə çıxmıram. Evdə oluram. Sentyabrdan etibarən verilişlərə, el şənliklərində iştirak edəcəm. Mənə görə narahat olan hər kəsə də təşəkkür edirəm”.

Leqal.info

VİDEO