Bakın bir küçəsində marşrut xətti var, dayanacaq yoxdur. Digərindən isə marşrut keçməsə də, dayanacaq var...

Leqal.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət paytaxtın Nəsimi rayonunda Səməd Vurğun parkının qarşısından və metronun "28 may" stansiyasının yaxınlığından gedir.

Səməd Vurğun parkının qarşısında 21 və 175 saylı marşrut xətti fəaliyyət göstərir. Burada avtobusların dayanması üçün nişan qoyulub, yerə dayanacağın olduğunu bildirən zolaq çəkilib. Lakin ərazidə dayanacaq pavilyonları yoxdur.

Metronun "28 may" stansiyasının yaxınlığında da eyni vəziyyət hökm sürür. 46 və 125 saylı marşrut avtobuslarından istifadə edənlər dayanacaq olmaması səbəbindən, xüsusən də havanın yağışlı keçdiyi vaxtlarda problemlə qarşılaşırlar.

Xətai rayonu Afiyyədin Cəlilov küçəsində isə fərqli mənzərə var. Bura dayanacaq qoyulsa da, ərazidən heç bir marşrut xətti keçmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, agentliyin mütəxəssisləri tərəfindən paytaxt ərazisindəki dayanacaqların vəziyyəti və çatışmazlıqlar barədə kompleks araşdırma aparılıb. Araşdırma zamanı paytaxt ərazisində 200-dən artıq yeni dayanacaq məntəqələri müəyyən edilərək müvafiq nişanlar qoyulub. Hazırda nişanlanan həmin məntəqələrdə pavilyonların quraşdırılması işləri aparılır. Mərhələli şəkildə aparılan bu işlər çərçivəsində artıq şəhərin müxtəlif yerlərində, xüsusən də yeni salınan və əsaslı təmir edilən küçə və prospektlərdə 50-dən artıq dayanacaq pavilyonu quraşdırılıb. Yaxın vaxtlarda isə həm Səməd Vurğun parkının qarşısında, həm də "28 may" metrostansiyasının yaxınlığında dayanacaq pavilyonları quraşdırılacaq.

Afiyəddin Cəlilov küçəsinə gəldikdə isə, qurumdan bildirildi ki, həmin küçədən marşrut xəttinin keçməsi ilə bağlı hazırda iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO