Gəlin maşınının qabağını kəsmək adətini gənclər bu gün də yaşadırlar. Amma əvvəlki illərdən fərqli olaraq indiki zamanda toy karvanının qarşısını kəsmək təhlükəli hal alıb. Çünki bəzən yolu kəsən uşaqlar özlərini avtomobilin altına atırlar, və ya sürücü onlardan yan keçmək üçün qəfil sürəti artırır.. Bu isə bəzən ağır nəticələrə gətirib çıxara bilir.

Gənclər "şirinlik" almaq üçün toy karvanının qarşısını kəsirlər. Amma sürücü nə avtomobili saxlayır, nə də sürəti azaldır.. Hətta uşaqların bu hərəkətinə məhəl qoymayaraq gəlin maşınını onların üzərlərinə sürür.

Son vaxtlar toy karvanının qarşısını kəsmək kimi adət-ənənəmiz əyləncədən daha çox uşaqlar üçün təhlükə mənbəyinə çevrilir.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, toy karvanının qarşısını kəsmək ənənə kimi xoş olsa da, bəzən bunun acı nəticələri də olur. Onun sözlərinə görə, indiki zamanda bəy-gəlin maşınının qarşısını kəsmək adəti öz gözəlliyini itirib və təhlükəli hal alıb.

Sosioloq hesab edir ki, toy karvanının qabağı kəsilərkən baş verə biləcək qəzalardan qaçmaq üçün maarifləndirmə işləri aparılmalıdır. Onun fikrincə, bu halların qarşısını almaq üçün cərimələr də tətbiq edilə bilər.

Nəqliyyat ekspertləri isə deyirlər ki, gəlin maşınının qabağı adətən ara küçələrdə kəsildiyi üçün burda hansısa cərimədən söhbət gedə bilməz. Sadəcə olaraq belə adətlər icra edilərkən diqqətli olmaq lazımdır.

VİDEO