Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb və elmi-tədqiqat müəssisələri rəhbərləri ilə geniştərkibli görüş keçirilib.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əhalinin tibbi xidmətə əlçatanlılığının təmin edilməsi, keyfiyyətin artırılması istiqamətində müəssisə rəhbərlərinin fəaliyyətlərində əsaslı dönüş yaratmalı olduqlarını bildirib. Həmçinin xəstəxanalarda mövcud nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün də tapşırıqlar verib.

Bu tapşırıqlar nədən xəbər verir? Bu tapşırıqların fonunda özəl xəstəxanaların işinə də nəzarət olmalıdırmı?

Məsələ ilə bağlı Milli Məclisin səhiyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı Leqal.info-ya açıqlama verib.

Onun sözlərinə görə illərlə bu sahədə neqativ halların olması cəmiyyətdə yeni sistemə müsbət yanaşmanı ləngidir:
“Ölkəmizdə bütün sahələrdə, xüsusilə də səhiyyə sahəsində fundamental islahatlar gedir. Artıq ölkəmizin bütün ərazilərində icbari tibbi sığorta tətbiq olunur. Cəmiyyət illərdir ki, çox böyük ümidlə bunu gözləyirdi. Cənab Prezidentin rüşvətxorluq, korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqları, TƏBİB, İcbari Tibbi Sığorta, Səhiyyə Nazirliyini bu məsəldə daha həssas olmağa yönəldib. Səhiyyə hər kəsin işi düşdüyü sahədir. Ona görə də bu sahədə neqativ hallar tez-tez gündəmə gəlir, ictimailəşir. Yeni sistemə keçidi səhiyyə işçiləri arasında da qəbul etməmək düşüncəsi var. Onların bu sistemin özünü doğruldacağı, həkimlərin sosial probleminin həll olunacağı ilə bağlı sualları var. Təbii ki, onlar da yüksək maaş almaq istəyirlər. Dünyanın hər yerində səhiyyə işçilərinin maaşı ən yüksəkdir”.

Millət vəkili hesab edir ki, dövlət xəstəxanaları ilə yanaşı özəllərə də nəzarət olmalıdır:
"İcbari tibbi sığortadan sonra həkimlərin maaşı xeyli qalxıb, bonuslar var. Amma bəzən deyirlər ki, filan yerdə həkim yenə xəstədən nəsə umub. Doğrudur, bu kimi hallar olsa da, kütləvi deyil. Təkcə dövlət xəstəxanalarının üzərində nəzarət olmamalıdır. Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi özəl xəstəxanalara da nəzarət etməlidir. Həm nəzarət, həm də qiymət məsələsində vahid tənzimləmə olmalıdır".
Millət vəkilinin fikrincə, xəstəxanalarda təklif olunan qiymətlər arasında böyük qiymət fərqi qəbulolunmazdır:
“Bir xəstəxanada MRT-nin (maqnit-rezonans tomoqrafiyası) bir qiymətə, digər xəstəxanalarda daha yüksək qiymətə olması qəbuledilməzdir. Dövlət tərəfindən buna ciddi nəzarət olmalıdır. Düşünmürəm ki, özəl xəstəxanalarda rüşvət olsun, çünki içəri daxil olandan çıxana qədər hər şey puldur. Eyni zamanda bəzi özəl xəstəxanalarda qiymət çox yüksəkdir. Bununla bağlı tədbir görülməlidir”.