"ETSN brakonyerliyin qarşısının alınmasında israrlıdır, balıq ehtiyatlarından səmərəli və ədalətli istifadəni ən zəruri məsələ hesab edir".

Leqal.info "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu mətbuat kon­fransında ETSN-in ­mətbuat katibi İradə İbrahimova deyib. O bildirib ki, Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının tükənmə təhlükəsinin olması hamımıza bəllidir:

"Bu gün bu sərvətin mühafizəsi və qorunması olduqca aktual və vacibdir. Ekologiya Nazirliyi balıq ovu ilə bağlı qayda-qanuna əməl olunmasında, brakonyerliyin qarşısının alınmasında israrlıdır, balıq ehtiyatlarından səmərəli və ədalətli istifadəni ən zəruri məsələ hesab edir. Çalışırıq ki, həm balıq ovu ilə məşğul olanların müraciətləri ədalətli şəkildə təmin olunsun, əhalinin qida zəncirində balıq məhsulları yer alsın, həm də gələcək nəsillər üçün qorunsun. Ona görə sənaye balıq ovu ilə məşğul olanların qaydalara əməl etmələri ilə bərabər, vətəndaşlıq mövqeyi göstərmələri də vacibdir. Bəzən balıqçı xırda nərə balığını da tutur və bununla, onsuz da nəsli kəsilməkdə olan nərə balıqlarının tamamilə yox olmasına şərait yaradır. Yaxud da qaydalara məhəl qoymadan, qadağan olunmuş ov alətlərindən istifadə etməklə israfçılıq edir, digər balıq növlərinin də sayının azalmasına səbəb olur. Biz bundan çox narahatıq. Nazirlik tərəfindən bununla bağlı qanuna uyğun tədbirlər görülür, lakin brakonyerliyin tam aradan qaldırılması, tez bir zamanda nəticə əldə olunması üçün birgə mübarizə aparılmasını və hər kəsin bu işdə bizə yardımçı olmasını gözləyirik. Hesab edirik ki, brakonyeri onun yaxınları, qohumları və qonşuları öz qınaqları ilə daha tez düz yola gətirər. Bəzən ictimai qınaq bəzi hüquqi və inzibati tənbehlərdən daha effektli olur.

Bəzi hallarda balıqçıların müraciətlərinə ədalətli yanaşılmadığı, inhisarçılığa yol verildiyi barədə Nazirliyə şikayətlər də daxil olur. Birmənalı olaraq bildiririk ki, məqsədimiz bu cür yanaşmaların tamamilə aradan qaldırılmasına nail olmaq, yerlərdə qayda-qanun yaratmaqdan ibarətdir. Hesab edirik ki, vətəndaşlarımız neqativ hallarla bağlı dərhal Nazirliyin qaynar xəttinə və ya elektron poçtuna məlumat versələr, belə halların qarşısı tezliklə alınar. Hər bir vətəndaşı ölkənin su hövzələrində mövcud olan sərvətimizin qədrini bilməyə və gələcək nəsillər üçün qorumağa çağırırıq".