Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev son günlərdə havanın dəyişkən keçməsi ilə bağlı olaraq hər il qış mövsümündə rast gəlinən respirator virusların artdığını deyib.

Leqal.info xəbər verir ki, pediatrın dediyinə əsasən, sözügedən virus üst və alt tənəffüs yollarını tıxayır.
“Bu şikayətlərlə poliklinikalara gələn uşaqlar var. Virusun boğaz və burunun selikli qişasında yerləşməsi nəticəsində boğazda ağrı və burun axması yaranır. Virus bronxların selikli qişasını zədələyərkən isə öskürək meydana çıxır. Bronxlarda selikli qişa tam bərpa olunana kimi bu davam edir.
İlk 3-4 gün virusun şiddətli günləridir. Qızdırma dərmanlarla düşməsə, poliklinikalara yaxınlaşmaq lazımdır. Baş, göz, qulaq ağrısı, gözlərdə çirk gəldikdə bu, virusun ağırlaşmış şəklidir. Bu zaman mütləq həkimə müraciət olunmalıdır. 6-7 yaşdan aşağı uşaqlar tez-tez xəstələnir. Bu yaşdakı uşaqlar əgər ildə 9 dəfə xəstələnirsə, bu, normaldır”.
Əkbər Quliyev 6 aydan yuxarı uşaqlara sentyabr-oktyabr aylarında qrip peyvəndinin vurulmasının məsləhət görüldüyünü vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info