TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzdə antenatal və doğuşayardım xidməti göstərən dövlət tibb müəssisələrinin rəhbərləri ilə görüşü baş tutub.

Leqal.info xəbər verir ki, 2022-ci ildə baş verən ana ölümlərinin təhlili aparılan, 2023-cü il üçün görüləcək tədbirlər haqqında müfəssəl məlumat verilən görüşdə TƏBİB-in tabeliyindəki 90 müəssisənin rəhbəri, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, paytaxtdan və regionlardan dəvət olunan doğuşayardım üzrə mütəxəssislər iştirak edib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bildirib ki, doğum və reproduktiv sağlamlıq sahəsində mövcud olan problemlərin diskussiyası gələcəkdə sözügedən halların aradan qaldırılması zamanı vacib rol oynayacaq. Azərbaycanda ana və uşaq ölümlərinin azaldılması istiqamətində həyata keçiriləcək tədbirlər sayəsində ölkəmizin qabaqcıl dövlətlərdə olduğu kimi müsbət dinamikiya nail olacağını qeyd edən Anar İsrafilov bu yöndə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, həmçinin antenatal və doğuşayardım xidmətləri üzrə tibb personalının bilik və bacarıqlarının artırılması ilə birlikdə, əhalinin maarifləndirilməsi ilə bağlı da ardıcıl tədbirlərin görüləcəyini vurğulayıb.
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova baş vermiş ana ölümlərinin təhlili haqqında təqdimatla çıxış edib.
Görüşdə, həmçinin TƏBİB-in aidiyyəti struktur bölmələrinin əməkdaşları tərəfindən antenatal və doğuşayardım xidmətinin inkişaf etdirilməsi məqsədilə icra olunan işlər və layihələr haqqında hesabatlar təqdim olunub.
Sözügedən görüşün sonunda doğuşayardım xidməti üzrə mövcud əmr və sərəncamların, təlimat və protokolların icrasına nəzarəti, eyni zamanda antenatal və doğuşayardım işinin gücləndirilməsi üçün bu sahədə davamlı olaraq monitorinqlərin aparılması barədə müəssisə rəhbərlərinə tapşırıq verilib.
Leyla Kamil
Leqal.info