Düyünlənmiş kəndirin ucunu hamı buraxıb, bircə Fransa “kor tutduğunu buraxmadığı kimi” əlində qalan kəsilmiş kəndir parçasını havada hərəkət etdirərək bizə uğursuz hədə-qorxu cəhdləri etməklə məşğuldur.

O Fransa ki, biz 30 ilə yaxın müddətdə onun “Qarabağ düyünü”nün açılmasında iştirakına razı olduq. İndi bizə məlum olur ki, biz bu müddətdə sanki, “quzu”nu “qurd”a tapşırdıq. Bəlkə də, qüsurlu müqayisədir, amma Fransanın bu illər ərzindəki ikiüzlü siyasətini və hazırki “keçi tərsliyi”ni başqa cür izah etmək çətindir.

Ancaq bizə qarşı təşkil etdiyi bütün səlib yürüşlərini dəf etməklə, onun müstəmləkəçilik və casusluq cinayətlərini ifşa etməklə bu “keçi”nin həm saqqalının, həm də buynuzlarının ələ keçdiyi isbat oldu. Bəli, Azərbaycanla güc və zor dilində danışmaq olmaz! Azərbaycanda güclü xalq və güclü lider var, bunların vəhdətindən doğan “dəmir iradə” və “dəmir yumruq” var! Ermənistanı belə yola gətirən o güc həm ölkəmizi, həm də regionumuzu və ona yanaşmanı dəyişib. Əksini deyən Ermənistan Baş nazirinə “Qarabağ Azərbaycandır” ifadəsini tutuquşu kimi əzbərlədən regionun lideri İlham Əliyev, Qarabağın kimin ürəyi olduğunu Paşinyandan çox erməni olmağa cəhd göstərən Makrona çoxdan izah edib. Artıq nə ölkəmizdə, nə də regionumuzda heç nə əvvəlki olmayacaq! Bunu ya Makron anlamalıdır və səhvini düzəltməlidir, ya da Fransa anlamalıdır və yanlışını aradan qaldırmalıdır!

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov
Leqal.info