"Leqal.info" xəbər verir ki, bunu "Report"a açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.
87 kq-da çıxış edən idmançı ölkə başçısının bütün idmançıları diqqətdə saxladığını bildirib: "Mən də öz növbəmdə soruşdum ki, yadınızda qalmışam. Cavab verdi ki, elə şey olar, çıxışlarını izləyirəm. Prezidentlə Qubadlıda görüşəndə söz vermişdim ki, yarışlarda qazandığım uğurları Sizə həsr edəcəyəm".
Abbasovun sözlərinə görə, Prezident İlham Əliyevin güləşçiləri qəbul etməsi onlar üçün böyük həvəs və stimuldur: "Yarışlarımızı izləyir, bizə dəyər verir. Son Avropa çempionatındakı erməni təxribatı haqqında danışdı. Gələcək yarışlarda da qələbə qazanmalıyıq ki, cənab Prezidenti, xalqımızı sevindirək. Görüş zamanı bildirdi ki, güləş bizim dədə-baba idmanımızdır. Gənclər və İdman Nazirliyinə, həmçinin Azərbaycan Güləş Federasiyasına tapşırıq verdi ki, bu idman növünə xüsusi diqqət yetirin".