Baş Prokurorluğun verdiyi məlumata əsasən, rüşvətlə bağlı Azərbaycanda dekana cinayət işi başladılıb.

Leqal.info xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qeyri-qanuni əməllərinin ifşa edildiyi bildirilib.
Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən, rəhbərlik etdiyi fakültənin bəzi tələbələrinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul sayılan qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən olunan Famil Nəsibovun üzərində və xidməti otağında həyata keçirilən axtarışlar əsnasında iş üçün əhəmiyyətli dəlillər tapılaraq götürülüb.

Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə haqqında cinayət işi başladılan Famil Nəsibov sözügedən Məcəllənin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə təqsirləndirilib və barəsində məhkəmənin qərarı ilə vəzifədən uzaqlaşdırılmaqla ev dustaqlığı növündə qəti imkan tədbiri müəyyən edilib.
Leyla Kamil
Leqal.info