Rusiya prezidenti Vladimir Putin Moskva ilə London arasında münasibətlərin yaxşılaşacağına ümid edir.

Leqal.info xəbər verir ki, bu barədə Putin Kremldə xarici ölkələrin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsinin qəbulu mərasinində deyib.

"Londonla dialoqun indiki vəziyyəti hamıya məlumdur. Ümid edək ki, vəziyyət iki ölkə və xalqlarımızın mənafeyinə uyğun olaraq yaxşılığa doğru dəyişəcək", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin xatırladıb ki, bu günlərdə üç müttəfiq dövlətin - SSRİ, ABŞ və Böyük Britaniyanın rəhbərləri- İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçillin Tehran konfransının 80 illiyi qeyd olunub. Onlar müasir beynəlxalq münasibətlər sisteminin əsasını qoymuşdular: “Müharibədən sonrakı dövrdə və yaxın vaxtlara kimi ölkələrimiz BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qlobal sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasında öz xüsusi məsuliyyətlərini dərk edərək qarşılıqlı fəaliyyət qura bilib”, - deyə Rusiya lideri bildirib.

Qeyd edək ki, Böyük Britaniya səfiri Naycel Keysi də Putinə etimadnaməsini təqdim edən xarici səfirlər arasında olub.

Elvin Mahmudlu
Leqal.info