Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında məlumat verib.

Ukrayna lideri bildirib ki, o, Səudiyyə Ərəbistanına əlahəzrət vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə müntəzəm dialoqu davam etdirmək üçün səfər edib. Prezident Zelenski səfəri çərçivəsində keçirəcəyi görüşlərin mövzusu barədə bildirib ki, o, Sülh Formulunu müzakirə edəcək: "Ötən il Sülh Formulunun həyata keçirilməsini müzakirə etmək üçün Ciddədə müşavirlərin toplantısı baş tutdu. Biz indi ilk Sülh Sammitinin keçirilməsinə yaxınlaşırıq və Səudiyyə Ərəbistanının davamlı fəal dəstəyinə ümid edirik".

Zelenski qeyd edib ki, o, eyni zamanda əsirlərin və deportasiya edilənlərin qaytarılması məsələsini müzakirə edəcək. Səudiyyə Ərəbistanının ukraynalı əsir və girovların geri qaytarılmasına öz töhfəsini verdiyini xatırladan Zelenski bu görüşün də öz nəticəsini verəcəyinə inandığını bildirib.

"Biz, həmçinin iqtisadi əməkdaşlığın perspektivli sahələrini və Səudiyyə Ərəbistanının Ukraynanın yenidən qurulmasında iştirakını müzakirə edəcəyik", Ukrayna lideri vurğulayıb.

Leyla Kamil
Leqal.info