ABŞ Ədliyyə nazirliyi siyasi proseslərə və prezident seçkilərinə müdaxilə etdikləri üçün 13 Rusiya vətəndaşı və bu ölkənin 3 şirkətinə qarşı ittiham irəli sürüb.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə nazirliyin saytında müvafiq ittihamnamə dərc edilib.

Sənədə əsasən, 13 Rusiya vətəndaşı əlbir olmaqla ABŞ hökumət orqanlarını aldatmaqda, onlardan 3-ü dələduzluq məqsədi ilə sövdələşmədə, 5-i şəxsi məlumatların oğurlanmasında təqsirli bilinir.

Bildirilir ki, ittiham olunanların hərəkətləri Donald Trampın prezident kampaniyasına dəstək, onun Demokrat Partiyasından olan rəqibi Hillari Klintonun alçaldılmasına yönəlib. İttiham olunalar arasında iş adamı Yevgeniy Priqojin və “İnternet araşdırmaları agentliyi”nin adları var.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.