Ermənistanın ədliyyə naziri Artaek Zeynalyan istefa verib.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, hüquq sahəsində mövcud problemlərin həllinə yardım üçün bu addımı atdığını bildirib. A.Zeynalyan istefa ərizəsində qoyduğu nöqtələrlə bəzi müəmmalara da işarə edib: “Ümid edirəm ki, hər şey yaxşı olacaq, ..., bununla belə, əgər olmayacaqsa, çox yaxşı olacaq”.

Xatırladaq ki, mayın 24-də Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, Nikol Paşinyan məhkəmə hakimlərini istefa verməyə çağırmışdı. Ermənistanda güc strukturlarına məhkəmə hakimlərinə istefa ərizəsi yazmaları üçün təzyiq göstərmələri tapşırığının verildiyi barədə xəbər də yayılmışdı.