ABŞ-ın müdafiə naziri Pit Heqset Amerikanın zərbələrinin İranın nüvə obyektlərinə təsirini aşağı salan sızdırılmış kəşfiyyat qiymətləndirməsini rədd edib.

Leqal.info xəbər verir ki, Heqset bunu Pentaqonda mətbuat konfransında deyib.

O, ABŞ-ın zərbələrinin İranın nüvə obyektlərinə təsirinin az olduğunu iddia edən hesabatı qəbul etmədiyini bildirib.

“Kəşfiyyat hesabatı sızdırıldı, çünki bəziləri ABŞ-ın zərbəsini uğursuzluq kimi qələmə vermək istəyirlər. Media qalmaqalların arxasınca qaçır, nailiyyətlərə məhəl qoymur və prezident Trampı hədəfə alır”, - o qeyd edib.

Onun sözlərinə əsasən, İranın nüvə proqramı darmadağın edilib: “İranın nüvə proqramı darmadağın edildi, dağıdıldı, məhv edildi - istədiyiniz termini seçin”.

Pentaqon rəhbəri həyata keçirilən hərbi əməliyyatı 12 günlük müharibənin sona çatmasına kömək edən “gözəl uğur” kimi qiymətləndirib.

“Prezident Tramp tarixin ən mürəkkəb və məxfi hərbi əməliyyatını idarə etdi”, – Heqset qeyd edib.

O, bu əməliyyatın həm atəşkəsin əldə olunmasına zəmin yaratdığını, həm də İranın nüvə imkanlarını sıradan çıxarmağa xidmət etdiyini vurğulayıb.

Leqal.info