Azərbaycanda ünvanlı sosial yardım almaq üçün müraciət etmək prosedurları asanlaşacaq.

Leqal.info xəbər verir ki, bununla bağlı "Ünvanlı dövlət sosial yardımı" haqqında qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur.

Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.

"Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir", - V.Bayramov əlavə edib.