Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın müşaviri Səud Kahtani jurnalist Camal Qaşqıçı cinayəti ilə əlaqədar istintaqa cəlb edilib.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu açıqlama yayıb.

Müşavirə Krallıq ərazisini tərk etmək qadağası qoyulub.

C.Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik heyətin başçısı verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.