Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Azərbaycanda Məşğulluq Xidməti orqanlarının gücləndirilməsi. V hissə. Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi üçün əməyin idarə edilməsi institutları” mövzusunda 4 günlük kursa start verilib.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, tədbirin məqsədi sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupunun məşğulluğunun təmin olunması ilə bağlıdır: "İştirakçılara gənclərin, pensiya yaşına iki il qalmış vətəndaşların əmək bazarına inteqrasiyası üçün nəzərdə tutulan mexanizmlərlə bağlı məlumat veriləcək".

Nazir müavini əlavə edib ki, ölkədə əlillərin hüquqları ilə bağlı yeni qanun qəbul olunur:

“Hazırda ölkədə iki yeni qanun qəbul olunur, biri məşğulluqla, digəri isə əlillərin hüquqlarının qorunması ilə bağlıdır. Həmin qanunlara əsasən xüsusi yardıma ehtiyacı olan şəxslər üçün bir sıra təminatlar var və bu təminatlar çərçivəsində Dövlət Məşğulluq Xidməti həmin şəxslərin hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görəcək. Bu sahədə işəgötürənlərin üzərinə böyük vəzifələr düşür. Belə ki, onlar müvafiq kvotalarda bu kateqoriyadan olan insanları işə götürməyə borclu olacaqlar”.