Bu gün Bakı Konqres Mərkəzində "Azərbaycan İnsan Resursları Biznes Tərəfdaşlığı" mövzusunda illik konfrans keçirilib.

"Leqal.info" bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir.

Məlumatda deyilir ki, qurumun dəstəyi ilə keçirilən konfransda platformanın üzvü olan 200 şirkətin insan resursu komandası iştirak edib. Tədbiri giriş nitqi ilə açan ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dərin iqtisadi islahatların əsas təkanverici qüvvəsi də elə peşəkar kadrlar, insan resurslarıdır: "Bu baxımdan Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi hədəfi istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Artıq ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərin idarəetmə komandasında azərbayacanlılar daha üstünlük təşkil edir. "Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkəmizin iqtisadi inkişafı naminə insan resurslarının inkişafı və peşəkar sahibkarlar sinfinin formalaşmasında öz köməyimizi həmişə göstəririk və bu misssiyanı gələcəkdə də davam etdirəcəyik".

Panel müzakirələrində səslənən maraqlı fikirlərə görə, gələcəyin peşələri dəyişir və Azərbaycan bu prosesi ciddi şəkildə izləməlidir. ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun sözlərinə görə, alimlər 37 ixtisasın ləğv olunacağı və 186 yeni ixtisasın yaranacağını anons ediblər. V. Zeynalov özünütəhsilin mühüm olduğunu vurğulayaraq, sahibkarların peşəkar kadrlara ehtiyacı olduğunu qeyd edib, eyni zamanda universitetlərin müasir peşələrə yönəlik ixtisaslar üzrə təhsilə önəm verməsinin vacibliyini vurğulayıb.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin direktor müavini Fərid Əhmədov isə insan resurslarının hər bir şirkətdə mühüm yeri olduğunu və əlavə dəyər qazanmaqda roluna toxunub. Onun sözlərinə görə, HR strategiyası vacibdir və şirkətin inkişafı həm də bundan keçir.

"2030-cu ilə qədər ölkədə "Məşğulluq strategiyası"na uyğun olaraq həm məhsullar, həm də işçilərin rəqabət qabiliyyəti yüksəkdilməlidir və əmək bazarının öyrənilməsinə ciddi ehtiyac var", - deyə o, qeyd edib.

Tədbir panellər üzrə bu sahədə mövcud vəziyyət və təkliflərlə davam edib.