“Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanla güzəştlərə hazır olduğunu bildirməsi onun rəzil duruma düşdüyünü göstərir”.

Bu sözləri Leqal.info-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, işğalçı Ermənistan Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı hərbi əməliyyatları davam etdirməsi təqdirdə tamamilə məhv ediləcəyini anlayıb.

“Necə olur ki, bir neçə vaxt əvvəl bu şəxs deyirdi ki, “Qarabağ Ermənistandır, nöqtə”, bu gün isə sülh danışıqlarına və güzəştlərə getməyə hazır olduğunu bəyan edir? Bunun başlıca səbəbi müzəffər Azərbaycan Ordusunun bir neçə gün ərzində işğalçı Ermənistan ordusunu əzməsidir. Paşinyan işğal status-kvonu saxlamaq istəyirdi. Lakin artıq bu gün həmin status-kvo mövcud deyil. Azərbaycan o status-kvonu dəyişib və işğalçı ordunu darmadağın edib. Bununla həm sahədə, həm də diplomatik danışıqlarda Azərbaycanın çox üstün olduğu aydın görünür. Hərbi əməliyyatların davam edəcəyi təqdirdə işğalçı tamamailə məhv ediləcək. Bu reallığı görən Paşinyan indidən ağ bayraq qaldırır”.