Leqal.info xəbər verir ki, bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, zəruri müayinə prosedurlarını keçmiş Şahbaz Quliyevin səhhətində hər hansı problem aşkar edilməyib, sağlamlıq durumu normal vəziyyətdədir.
"Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyev müayinə üçün İrəvan şəhərinə aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.