Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 21-də vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlunun “Suraxanı RİH Qarabağ qazisinin tikdiyi hasarı sökdü” iddiası ilə “Youtube” kanalında yayımladığı videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən “Leqal.info”ya bildirilib ki, vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən dekorativ divarın yaxınlığında, yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında, dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsi zəbt olunub və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparılıb:

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən, bu cəhdin qarşısı alınıb, həmçinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən, həmin işlərin dayandırılması vətəndaş Hüseynbala Abbasova tövsiyə edilib. Eyni zamanda bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu avtomobil və 2019-cu ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində iki otaqlı mənzillə təmin olunub”.