Steroid dərmanlar COVID-19 xəstəliyindən ölüm riskini azaldır.

Leqal.info xəbər verir ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatı İngiltərənin Bristol Universiteti ilə birgə genişmiqyaslı araşdırma aparıb.

Nəticədə “Hidrokortizon”, “Metilprednizolon” və “Deksametazon” dərmanlarının koronavirusdan ölüm riskini 20% azaltdığı məlum olub. Ucuz və asan tapılan dərmanlar mütəxəssislər tərəfindən məqbul qarşılanıb.

Amerikanın Tibb İttifaqı Dərgisində (JAMA) yayımlanan araşdırma məqaləsində 12 ölkədəki COVID-19 xəstələrində 3 müxtəlif steroid istifadəsinə dair 7 layihə reallaşdırılıb. 7 nəzarət sınağında fevraldan iyuna qədər 703 kritik vəziyyətdəki koronavirus xəstəsi 28 gün boyunca nəzarətə götürülüb.

Allergik pozuntular, dəri xəstəlikləri, artrit, multiplskleroz, ağciyər problemləri, xoralı kolit, lupus problemlərini müalicə etmək üçün geniş istifadə edilən “Hidrokortizon”un ölüm riskini 31% azaltdığı məlum olub. Bu fakt “Hidrokortizon”u “Deksametazon”dan sonra COVID-19 üçün geniş tövsiyə olunan ikinci dərman edib.

Bristol Universiteti Tibbi Statistika və Epidemiologiya professoru Conatan Sterne məsələ ilə bağlı açıqlamasında dərman sınaqlarının cinsiyyət və yaşdan asılı olmayaraq effektiv nəticə verdiyini vurğulayıb. Bu dərmanlar hər 100 kritik vəziyyətdə olan xəstədən 8-nin həyatının xilas olmasını təmin edir.

ÜST-ün kliniki qulluq mütəxəssisi Canet Diaz “Kortikosteroid”lərin hər 1000 xəstədən 87-ni ölümdən qurtardığını bildirib.

Qeyd edək ki, sözügedən dərmanlar orqanizmin immun sisteminin kəskin reaksiyası nəticəsində əmələ gələn sitokin fırtınaların qarşısını alır. COVID-19 xəstələrinin böyük əksəriyyəti koronavirusun səbəb olduğu immun sisteminin kəskin reaksiyası nəticəsində orqanizmin öz hüceyrələrinə hücumu səbəbilə ölür.