Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.

Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.



Xalqımızın siyasi qüdrətinin təcəssümçüsü, Azərbaycan ziyalılarının ağsaqqalı və himayəçisi, milli təhsil quruculuğumuzun nəhəng memarı Heydər Əliyev mənəvi böyüklüyümüzün simvolu, elmimizin, təhsilimizin, mədəniyyətimizin möhtəşəm məbədi olan Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədgahından ayrı təsəvvür etmirdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanın intibahı və inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Tarix özü sübut etdi ki, böyük öndər nə qədər haqlı imiş. Cəmiyyətin tərəqqisinin, elm, mədəniyyət, mənəviyyat inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin prioritet prinsipi kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş qayəsini ifadə edən önəmli cəhət idi. Bu amil Azərbaycanda 70-ci illərdən başlayaraq, Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır. Bunu danmaq, təkzib etmək mümkün deyil, çünki tarix baş vermiş hadisələrin və faktların yalana bürünməsinə heç vaxt imkan vermir. Bu tarixi gerçəkliyi necə danmaq olar ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyində sovet rejiminin tətbiq etdiyi bütün qadağaları aşan və o dövr üçün inqilaba bərabər bir hadisə baş verdi. 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak etməsi və ana dilində nitq söyləməsi təkcə universitet kollektivinə deyil, bütün Azərbaycan cəmiyyətinə milli ruhun qaytarılması istiqamətində bir dönüş anı oldu. Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırdı, onları ruhlandırdı. Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu. Heydər Əliyev deyirdi: «Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi». Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və Cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi. Əslində, bu sözləri ilə Heydər Əliyev milli tarixə xüsusi diqqət yetirilməsinə səsləyirdi. Heydər Əliyevin nitqini ana dilində söyləməsi böyük tarixi əhəmiyyət daşıyırdı. O vaxtadək çoxları respublika rəhbərinin ana dilində nitq söyləyəcəyini güman etmirdi. Sovet sistemi şəraitində milli dildə nitqlərə mərkəzdə o qədər də rəğbətlə yanaşmırdılar. Respublika rəhbərləri, adətən, rus dilində danışırdılar. Heydər Əliyev isə mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan bağlılığını, sevgi və hörməti nümayiş etdirmədi, eyni zamanda bütün Azərbaycan cəmiyyətinə bu yolda bir nümunə göstərdi. Bu tədbirdə iştirakı və ana dilində nitqi ilə Heydər Əliyev milli ruhu universitet divarları arasına qaytardı. Heydər Əliyev deyirdi: «Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik». Bu sözlər Heydər Əliyevin milli tariximizə, mədəniyyətimizə və elmimizə olan dərin hörmətini və sıx bağlılığını göstərirdi. 1969/70-ci tədris ilində Universitetdə artıq 13 fakültə, 64 kafedra, və 86 laboratoriya fəaliyyət göstərirdi.Bunlardan 4-ü problem elmi tədqiqat laboratoriyası idi. Bundan başqa, Universitetdə 42 kabinet və 2 muzey – Təkamül nəzəriyyəsi və Faydalı qazıntılar muzeyi mövcud idi. Elm və təhsili layiqincə inkişaf etdirməsinin, elm və mədəniyyət sahəsində yüksəkixtisaslı kadrlar hazırlanması işində nailiyyətlər qazanmasının nəticəsi olaraq, SSRİ Ali Soveti Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibəti ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi. Sonralar da Heydər Əliyev Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə həssas yanaşırdı. Bu da onun BDU-ya olan sevgisinin göstəricilərindən biri idi.

BDU-nun müasir dövrdə inkişafı və gənclərin zəngin biliyə yiyələnməsində BDU-nun rektoru hörmətli Abel Məhərrəmovun xüsusi rolu vardır.
BDU-da nizam-intizam, tələbələrin intellektual səviyyəyə çatması, xarici ölkə təhsil ocaqları ilə müqayisədə universitetin üstünlükləri məhz rektor hörmətli Abel Məhərrəmovun idarəçiliyi və gücü sahəsində bu səviyyəyə çatmışdır. BDU illər ərzində öz nüfuzunu artıraraq xarici ölkə təhsil ocaqları ilə də layiqincə rəqabətə girərək yüksək nəaliyyətlər qazanmışdır. Bunun da başlıca səbəbkarı Ümummilli Lider Heydər Əliyev və BDU-nun rektoru Abel Məhərrəmov olmuşdur.

Bu gün də BDU kollektivində daha bir xoş gün qeyd olunmuşdur. Belə ki, bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmovun doğum günüdür.
Bu münasibətlə "Leqal İnformasiya Agentliyi" redaksiya kollektivi, başda Allahverdi Vəlizadə olmaqla, eyni zamanda BDU-nun Beynəlxalq Münasibətlər Kafedrası hörmətli Abel müəllimi doğum günü münasibətilə təbrik edir, uzun ömür can sağlığı, işlərində daim nəaliyyətlər qazanmağı ulu tanrıdan arzu edirlər. Ad gününüz mübarək Abel müəllim. Neçə gözəl yubileylər qeyd edəsiniz. Ulu tanrı sizləri qorusun.