Nazir Ceyhun Bayramovun bu təhsil ocağından xəbəri varmı?

Bu gündən etibarən 2018-2019-cu dərs ilinə start verildi. İstər məktəb həyatına qədəm qoyan birincilər, istərsə də yuxarı sinif şagirdləri sevə-sevə məktəbə yollanırlar. Qeyd edək ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, 165 780 şagird birinci sinifdə təhsil alacaq.
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilib. Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilib, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılıb. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcəyi açıqlanıb. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılıb. Məhz elə bu göstəricilərə görə, şagirdlər yeni tədris ilinin başlamasını səbirsizliklə gözləyirdilər. Gözləyirdilər ki, yeni təmirdən çıxmış sinif otaqlarına bir daha gedərək, dərslərinə başlasınlar. Bu gün isə onların həsrətinə son qoyuldu.

Amma təmirli məktəbin arzusunda olan şagirdlərdə var ki, onların arzusu bu il də ürəklərində qaldı. Onlar da digər şagirdlər kimi yeni təmir olunmuş, yaxud yeni inşa edilmiş məktəbdə, sinif otaqlarında dərs öyrənmək istəyirdilər. Kivnews.com portalı xəbər verir ki, söhbət Binəqədi rayonu 7-ci mikrorayon 3126-cı məhəllədə yerləşən Cəbrayıl rayon Qovşudlu kənd Orta Məktəbinin şagirdlərindən gedir. Çünki bu məktəb – məktəb yazmağa adamın əli də gəlmir – sadəcə olaraq qatar vaqonundan ibarətdir. Məktəbin şagirdlərinə isə elə vaqon otağında dərc keçilir. Düzdür, əlaçı şagird üçün dərsi harada keçilməsinin fərqi olmamalıdır, deyirlər. Amma bu ifadə hazırki dövrdə öz aktuallığını itirib.

Onu xüsusi olaraq vurğulayaq ki, bu məktəbin ərazisi çox bahalıdır. Elə həmin vaqonların ətrafında inşa olunmuş villalara nəzər saldıqda da bunu müşahidə etmək olar. Ərazinin bahalı, ya ucuz olması təbii ki, mövzu predmeti deyil. Valideynləri, şagirdləri narahat edən odur ki, XXI əsrdə paytaxtda niyə hələ də vaqon məktəb fəaliyyət göstərməlidir?

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. Alqışlanan qərardır. Amma Binəqədi rayonu 7-ci mikrorayon 3126-cı məhəllədə yerləşən Cəbrayıl rayon Qovşudlu kənd Orta Məktəbinin şagirdləri də təmirli daş divarlar arasında ilk dərslərinə başlamaq arzusunda idilər. Amma görünür Təhsil naziri Ceyhun Bayramov paytaxtda yerləşən bu məktəb barədə ölçü götürməyə tələsmir.

11 illik olan bu məktəblə bağlı heç də xoşagələn fikirlər söylənilmir. Yuxarı sinif şagirdlərinin dərsə davamiyyətlərinin aşağı olmasından tutmuş, bir çox xoşagəlməz məqamların burada yaşandığı vurğulanır. Bu istiqamətdə faktları dəqiqləşdirdiyimizdən, bəzi detallara varmırıq. Lakin indiki məqamda bu məktəbin hansı səbəbdən saxlanılması gündəmdədir. XXI əsrdə paytaxtda belə bir vaqon məktəbin fəaliyyət göstərməsi Ceyhun Bayramov, ölkəmizin adına yaraşırmı? Əlbəttə, yox. Çünki ölkəmizin sürətlə inkişafı göz önündədir. Ölkə başçısının yorulmaz fəaliyyəti bütün sahələrdə dinamik inkişafa səbəb olub. Amma yerlərdəki məmurlar da, nazirlər də, icra başçıları da öz fəaliyyətləri ilə ölkəmizin inkişafına dəstək olmalıdırlar. Hər bir xırda məsələnin həllini ölkə başçısından gözləmək yersizdir. Ona görə də, ortaya çıxan hansısa xoşagəlməz vəziyyətlə bağlı dərhal addım atılmalıdır. Amma təəssüflər olsun ki, Binəqədi rayonu 7-ci mikrorayon 3126-cı məhəllədə yerləşən Cəbrayıl rayon Qovşudlu kənd Orta Məktəbi ilə bağlı bu vaxta kimi hansısa addım atılmayıb. Bu vaxta kimi məktəbin şagirdlərə qışda soyuqdan dona-dona vaqon otaqlarında dərs keçilib.

Əslində o məktəbdə oxuyan şagirdlərin arzuları onların haqqıdır. Onlar da hər kəs kimi vaxtlı vaxtında dərsinə getməli, müasir təhsil innovasiyalarından istifadə etməli, dərslərini əyani vəsaitlərlə keçməlidirlər. Lakin qatar vaqonunda yerləşən bu məktəbdə normal şərait olmadığından valideynlə rvə şagirdlər çox narahatdılar. Amma görünür məktəb rəhbərliyi və Təhsil naziri bu vəziyyətdən narahat deyil. Səbəbini isə özləri bilməmiş olmazlar.

Mövzunu diqqətdə saxlayacağıq.
XXI əsrin vaqon məktəbi
XXI əsrin vaqon məktəbi