“Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVID-19) aşkar olunub. 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib”.

Bu barədə Leqal.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilir ki, paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 93 faiz təşkil edir.

Məlumatda qeyd olunur ki, ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Qeyd edək ki, fevralın 15-dən BŞTİ tabeliyindəki ümumi təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) və xüsusi məktəblərdə (I-IX siniflərdə) əyani tədrisə start verilməsi nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin bərpası planlaşdırılır.