Qafqazinfo.az bu məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edib. Agentlikdən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığına görə ödənişlidir:
“Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış 15 manat (ƏDV daxil) təşkil edir. Bəzi hallarda sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün bir neçə ixtisaslı həkimin müayinəsi tələb oluna bilər. Bu zaman məbləğ müayinələrin sayından asılı olaraq müəyyənləşir”.
Agentlikdən həmçinin bildirilib ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qruplar) keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında arayışlar pulsuzdur.