Leqal.info xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Dövlət başçısı deyib:
"Şuşa tarixi Azərbaycan şəhəridir. Çünki 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu və ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmasına baxmayaraq Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi və bizi gözləyirdi. Biz də gəldik və Şuşanı azad etdik.
Bu gün qardaş ölkənin Cümhurbaşqanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq.
Əziz qardaşım, biz Sizi səbirsizliklə Şuşada gözləyirdik, Sizi mən dəvət etmişdim. Biz - iki dövlətin Cümhurbaşqanı keçən ilin dekabr ayında hərbi paradı birlikdə qəbul edərkən razılaşdıq ki, növbəti görüş burada olacaq və belə də oldu. Bir daha xoş gəlmisiniz, doğma Vətəninizə xoş gəlmisiniz, Şuşamıza xoş gəlmisiniz!
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!"